Övladım niyə danışmır?

Övladım niyə danışmır?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladının ilk sözlərini hər bir valideyn səbirsizliklə gözləyir. Bəzən siz düşündüyünüzdən daha çox gözləməli olursunuz və nəticədə xeyli narahatçılıq keçirirsiniz. Uşaqların dil açması haqqında bəzi həqiqətləri və "əfsanələri" bilsəniz lazımsız həyəcandan uzaq olarsınız.

Elmi dərgi olan "Journal of Pediatrics" də dərc olunmuş araşdırmaya əsasən gözləntilərə və normativlərə baxmayaraq əgər övladınız 2 yaşını tamamlayıb və hələ də danışmağa tələsmirsə bu heç də onun gələcək inkişafı haqqında mənfi fikir yaratmamalıdır. Araşdırmada iştirak edən uşaqlar 17 yaşına qədər müşahidə edilmişdirlər və nəticə göstərir ki, onların 80%-i məktəb yaşına çatana qədər tam sərbəst danışmağı öyrənmişdir. 

Uşaqlar müxtəlifdir-bunu unutmayın! Əgər sizin övladınızın nitqində gecikmə varsa onun digər fəaliyyətlərinə diqqət yetirin- bəlkə o səhərdən axşama qədər qaçır, tullanır və bütün enerjisini hərəkətə sərf edir və nitqi üzərində çalışmağa nə vaxtı nə həvəsi qalır? Sözlər və cümlələr də onun diqqətini tezliklə bu şəkildə özünə cəlb edəcək.

İstənilən halda valideyn olaraq diqqətli olacağınız bir neçə məqam var:

  • Övladınız ünsiyyət qurarkən, yaxud ona müraciət edilərkən göz kontaktı qururmu? Gecikmiş nitq, göz kontaktından yayınma, ətrafdakıların müraciətinə cavabsızlıq autizm spektr xəstəliklərinin göstəricisi ola bilər. Bunları müşahidə edirsinizsə pediatrla məsləhətləşin;

 

  • Övladınız ona dediyiniz əşyaları göstərirmi? Sadə müraciətlərinizi (məs: "Gəlinciyini gətir" , "Ayselin gözü haradadır?") cavablandırırmı? Bununla siz onun reseptiv dilinin (deyilənləri anlaması) normada olub olmamasını təxmin edə bilərsiniz. Övladınız ətrafda baş verənləri anlamalı və sizə öz istəklərini hər hansı bir formada bildirməlidir (əlinizi müəyyən obyektin üzərinə gətirməklə, su istəyərkən fincanını sizə uzatmaqla);

 

  • Övladınızın eşitməsini yoxlamısınızmı? Eşitmə pozğunluqlarının bir sıra fərqli formaları var. O sizi eşidirmiş kimi görünsə də səsiniz ona çox uzaq və batıq gələ bilər. Eşitmədə çətinlik isə nitq gecikməsi ilə birbaşa əlaqəlidir. Bu səbəbdən pediatrla məsləhətləşin;

 

  • Övladınızın qığıldaması, sizinlə adət etdiyi ünsiyyət qurmasında qəfil durğunluq, ünsiyyətdən yayınma, yaxud digər mənfi dəyişiklik varmı? Pediatra bu narahatçılığınızı bildirməyə tələsin;

 

  • 15 ayından sonra övladınız "ana, ata, baba" və s. qığıltı kimi səslənən sözlər belə demirsə yenə də pediatra müraciət edin.

Dünyada nə qədər uşaq varsa bir o qədər də fərqli inkişaf modeli mövcuddur. Övladınızın individuallığını unutmayın və onu həmyaşıdları ilə müqayisə etməyə tələsməyin. Lakin sizi narahat edən hər hansı bir məqam varsa mütləq həkimlə məsləhətləşin və müvafiq addımlar atın.

Övladınızın nitq inkişafına dəstək olmaq üçün bir neçə sadə üsulla tanış olun: http://www.valideyn.az/az/article/167-nitqi-inkisaf-etdirmayin-sada-yollari

22.01.2016

ŞƏRHLƏR