Tanış ol! Ailəmizin yeni üzvü

Tanış ol! Ailəmizin yeni üzvü
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Ailənizin genişlənəcəyi haqqında həyəcanlı xəbəri öyrəndikdən sonra bir anlıq gözünüz sizin başınıza dolanan, doymadan qucaqlayan, gecələr belə sizdən ayrılmaq istəməyən ilkininizə sataşdı. Onun yeni ailə üzvünə necə qarşılayacağı fikri sizi artıq indidən narahat edir. Bir neçə sadə hazırlıqlar etməklə siz yeni körpənizlə evdəki dəcəlinizi mehribanlaşdıra bilərsiniz.

Yeni ailə üzvünün gəlişini ilkininizə doğum tarixindən iki-üç ay öncə xəbər etməyiniz kifayətdir. Yaşından asılı olaraq onda anasının dəyişən bədəni ilə bağlı bir sıra suallar yaranacaq. Bu fürsətdən istifadə edib ona yeni bacı yaxud qardaşının tezliklə evinizdə yaşayacağı və onu çox sevəcəyi haqqında bəhs edin. Bu suallar olmadığı halda belə özünüz gəzinti zamanı və ya qonaqlıqda körpələri ona göstərib onlara qarşı isti hisslər yaratmağa səy göstərin.

Yeni körpə evə gəldikdən sonra ilkininizi onunla bağlı işlərə cəlb edin. Paltarını dəyişərkən yenilərini gətirməyi balaca dəcəlinizə tapşıra bilərsiniz. Bununla o yeni ailə üzvünün həyatında necə vacib olduğunu, sizin ona ehtiyacınızı hiss edəcək və körpəyə rəqib kimi baxmayacaq.

İlkininiz üçün xüsusi, yalnız onunla məşğul olacağınız vaxt ayırın. Yeni körpəniz yatdığı müddətdə onunla oynayın, onu əzizləyin yaxud cizgi filmi seyr edin. Bu sizin yeni körpəniz olmasına baxmayaraq onu əvvəlki kimi sevdiyinizi ona xatırladacaq.

Yaşından asılı olaraq böyük övladınız kiçiyini əyləndirə bilər. Bunu onun gündəlik edəcəyi, məsuliyyət tələb edən işlər sırasına daxil edin. Bundan hər iki övladınız zövq alacaq və eyni zamanda onların arasında bağlılıq yaranacaq.

Övladınızın yeni ailə üzvünü necə qarşılayacağı onun temperamentindən, yaşından, ailə üzvləri arasında münasibətdən və bir sıra digər faktorlardan asılıdır. Bu işdə siz ona diqqət və qayğınızı əsirgəməməklə kömək edə bilərsiniz. Unutmayın ki, siz gözləmədiyiniz halda böyük övladınız kiçik bacısını yaxud qardaşını oyuncaq sanaraq bilmədən ona xəsarət yetirə bilər. Bu səbəbdən ilk vaxtlar iki balacanı təklikdə qoymaqdan çəkinin.

28.09.2015

ŞƏRHLƏR