Azərbaycanda valideynlərin cəmi 21%-i kitab oxumağı xoşlayır.
Oxumağı xoşlayan valideynlərin övladları məktəbdə daha yaxşı nəticə göstərirlər.
Şagirdlərin oxu qabiliyyətini ölçən PİRLS-2011 tədqiqatı dünyanın 40-dan çox ölkəsində, o cümlədən Azərbaycanda da aparılmışdır. Sorğunun nəticələrinə əsasən Azərbaycanda valideynlərin cəmi 21%-nin oxumağı xoşladıqları məlum olmuşdur. Bu beynəlxalq orta göstəricidən təxminən 11% azdır. Ən çox "oxumağı xoşlayan” valideynlər İsveç(52%), Yeni Zelandiya (51%), Şimali İrlandiya (50%) və Danimarkada (50%) yaşayırlar. Azərbaycanın qonşuları olan İran və Rusiyada valideynlərin 23%-i oxumağı xoşlayır. Gürcüstanda isə “oxumağı xoşlayan valideynlərin” faizi 27-yə bərabərdir.
Oxumağı xoşlayan valideynlərin övladları da aparılmış qiymətləndirmədə daha yüksək nəticə göstərmişdilər. Dünya üzrə oxumağı xoşlayan valideynləri olan şagirdlər ortalama 500 baldan 535 bal, oxumağa yaxşı baxan valideynlərin övladları 507 bal, oxumağı xoşlamayan valideynlərin övladları isə 487 bal toplayiblar. Azərbaycanda bu qruplar üzrə göstəricilər müvafiq olaraq 477, 462 və 443 olmuşdur.
Sizin təhsilə, oxumağa olan münasibətiniz övladnızın nailiyyətinə təsir edən əsas amillərdəndir. Evinizdə kitab oxunmaması övladınızın məktəbdə göstəricilərinə mənfi təsir göstərir. Bəs siz oxumağı xoşlayırsınızmı? Övladınız sizi oxuyan görürmü? Bu barədə düşünün, övladınıza faydası var.
ŞƏRHLƏR