Montessori metodu haqqında nə bilirsiniz?

Montessori metodu haqqında nə bilirsiniz?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Son vaxtlar haqqında tez-tez bəhs edilən Montessori metodu övladınızın inkişafı üçün gözəl imkanlar açır. Bu imkanlardan yararlanmaq üçün Montessori metodunun bir neçə əsas prinsipini övladınızın təlim və tərbiyəsində tətbiq etməyiniz vacibdir.

  • Müstəqillik

"Heç vaxt uşağa öhdəsindən gələcəyinə inandığı tapşırıqları yerinə yetirməyə kömək etməyin" Mariya Montessori.

Övladınıza tapşırıqların, çətinliklərin öhdəsindən gəlməkdə müstəqillik verin. Onun üçün hərəkətlərində, istəklərində, seçimlərində sərbəstlik yaradın. Bu gün gəzintiyə geyinəcəyi köynək, oynayacağı oyunlar, ev tapşırığını hansı ardıcıllıqla yerinə yetirməklə bağlı qərarları onun öhdəsinə buraxın. Bununla övladınız özünə inanacaq və qərarlarına görə məsuliyyət daşımağı öyrənəcək.

  • Müşahidə

Övladınızı müşahidə edin. Ən kiçik yaşlarından o öz davranışı ilə ehtiyaclarını biruzə verəcək. Əgər kiçik balanız əşyalar toqquşarkən yaranan səsdən zövq alırsa ona bir-birinə vuraraq səs çıxara biləcəyi təhlükəsiz əşyalar, yaxud oyuncaq verin. Beləliklə, siz övladınızın ehtiyacları ilə mövcud mühit arasında harmoniya yaratmış olarsınız.

  • İzləmə

Övladınızın ehtiyaclarını və istəklərini izləyin. Əgər kiçik dəcəliniz növbəti dəfə stolun üstünə çıxıb tullanmağa cəhd göstərirsə "etmə, olmaz!" əvəzinə ona dırmaşmaq, tullanmaq üçün təhlükəsiz mühit yaradın. Bu şəkildə siz övladınızı istiqamətləndirməkdən uzaq olub, ona öz imkanlarının hüdudlarını sınamağa şans yaradırsınız.

  • Səhv düzəltmə

Övladınız səhvlər edəcək- bu qaçılmazdır. Belə situasiyalarda mühim olan sizin onun səhvlərinə olan münasibətinizdir. Övladınızın səhvini səsinizi ucaltmaqla və heç bir halda fiziki cəza ilə düzəltməyin. Dəcəl balanız yeni xalçanin üzərinə çay dağıtdı? Onu xalçanı birlikdə təmizləməyə dəvət edin. Sizinlə eyni işlə məşğul olmaq ona oyunları qədər zövq verəcək. Balacanız sözlərin tələffüzündə səhv buraxır? Səhvin olduğunu bildirmək əvəzinə sözün düzgün variantını ona ünvanlayın. Səhvlərin qabardılması sonda övladınızın uğursuzluqdan və tənqiddən qorxduğu üçün ümumiyyətlə nəyəsə cəhd etməkdən çəkindirə bilər.

  • Süngər kimi zehin

Həyatının ilk 3 ilində övladınızın zehni süngər kimidir. Heç bir xüsusi təlim olmadan belə o ətrafında baş verənləri süngər kimi özünə çəkir. Bu illər ərzində övladınız eşitdiyi dili və müşahidə etdiyi davranışı sürətlə mənimsəyir. Bu səbəbdən ətrafda övladınızda görmək istədiyinin keyfiyyətlərə uyğun mühit yaratmağınız şərtdir.

08.01.2016

ŞƏRHLƏR