Diş çıxarmaq: nə zaman gecdir?
Körpənizin dişlərininin çıxması həyatının ilk ilinin həm həyəcanlı, həm də bir sıra narahatçılıq doğuracaq mərhələsidir. Dişlərin nə zaman və hansı sürətlə çıxması individualdır. Bu səbəbdən övladınızı digər körpələrlə müqayisə etməyə tələsməyin.
İlk diş adətən körpənizin 4-7 ayı arasında görünəcək. Lakin körpəniz 3-12 ay arası ilk dişini çıxararsa bu normal hesab olunur. 3 yaşına qədər övladınızın 20 dişi olmalıdır.
Övladınızın dişlərinin nə zaman çıxmasında genetik faktor mühüm rol oynayır. Əgər valideynlərdən hansısa erkən, yaxud gec diş çıxarıbsa bu halın övladında təkrar olunması ehtimalı böyükdür.
Bəzi hallarda ilk dişin çıxması 18 aya qədər yubana bilər. Buna baxmayaraq əgər 13 ayına qədər körpəniz diş çıxarmayıbsa həkimə müraciət etməyiniz vacibdir.
Gec diş çıxarmanın genetik faktordan əlavə zəif qidalanma, vitamin və mineral çatışmamazlığı (xüsusilə D vitamini və kalsium), qalxanabənzər vəzin zəif fəaliyyəti ilə də bağlı ola bilər. Lakin bu hallarda siz övladınızın səhhətində digər problemləri də (az çəkililik, çox çəkililik, baş və oynaq ağrıları, ümumi zəiflik və s.) müşahidə edəcəksiniz. Bu faktorlar bir qayda olaraq 13 aydan sonra nəzərdən keçirilir. Hər bir halda narahatçılığınızı həkimlə bölüşməyiniz düzgün olar.
ŞƏRHLƏR