Dırnaq yeməyə son! Reallıq nədir?
Övladınız böyüdükcə və daha fərqli mühit və insanlarla tanış olduqca yeni, heç də həmişə xoş olmayan vərdişlər qazanacaq. Bunlardan biri də dırnaq yeməkdir. Tədqiqatlara görə 60 %-ə qədər uşaqlar müxtəlif yaş dövrlərində bu vərdişlə diqqəti cəlb edirlər. Lakin dırnaq yemək uşaqlıq illəri ilə bitmir, belə ki, yeniyetmələrin 45 %-i bu vərdişi müəyyən formada özləri ilə daşıyırlar. Yeniyetməlikdən çıxdıqdan sonra belə yetkin yaşlı insanlar arasında da bu xoşagəlməz hala rast gəlinir.
Əgər övladınızda dırnaq yemək vərdişini müşahidə edirsinizsə ilk növbədə bunun səbəbini aydınlaşdırmağa çalışın. Bu vərdiş adətən övladınızın həyatında baş verən hər hansı bir yenilik, dəyişiklik, həyəcanla yaxud sadəcə darıxmaqla bağlı olur. Kiçik dəcəliniz bağçaya, yaxud məktəbə yenicə başlaması, yeni evə köçməyiniz, ailənizdə hər hansı bir münaqişə bu xoşagəlməz vərdişin başlanğıcı ola bilər. Övladınız hər hansı səbəbdən yaşadığı stressi, həyəcanı aydın biruzə verə bilmir və hissləri üçün çıxış yolunu şüuraltı olaraq dırnaq yeməkdə tapır. Bundan əlavə, övladınız bu vərdişi həmyaşıdları və böyüklərin (hətta!) nümunəsinə əsasən mənimsəyə bilər.
Bir qayda olaraq dırnaq yemək vərdişi yaş keçdikcə azalır və yox olur. Bir müddətdən sonra övladınız dırnaqlarını göstərməyə utanacaq və ətrafdakılardan gizlətməyə çalışacaq; nəticədə o özü bu vərdişdən qurtulmağa can atacaq. O vaxta qədər isə siz səbr edib bir neçə üsulla bu prosesi daha tezləşdirə və asanlaşdıra bilərsiniz:
- Vərdişin yaranma səbəbini müəyyən edin və əgər sizdən asılıdırsa bu səbəbi aradan qaldırın;
- Utandırmaq, tənbeh etmək, yaxud cəzalandırmaq heç bir halda həll yolu deyil. Bu əks təsirə malikdir- yaranmış stressdən övladınız bu vərdişə daha çox aludə olacaq;
- Bir çox hallarda dırnağını yeyən şəxs özü bu haldan xəbərsiz olur. Bu səbəbdən, növbəti dəfə övladınız dırnağını ağzına aparanda yüngül xatırlatma, bir baxış, qulağına pıçıltı yetərlidir. Bu yalnız ən yaxın adamlara məlum olan işarə olmalıdır və övladınızı digərləri qarşısında pərt etməməlidir;
- Övladınıza həyəcanı idarə etməsi üçün alternativ yollar təklif edin. Məsələn, imtahanda əlini məşğul edəcək bir əşya, dərindən nəfəs almaq və s. bu yollara misal ola bilər;
- Kiçik dəcəlinizin dırnaqlarını tez-tez kəsin. Onun dırnaqları nə qədər qısa olsa barmağının ağzında keçirdiyi vaxt da bir o qədər azalacaq və tədricən tamamilə unudulacaq. Bu həmçinin gigiyena cəhətdən vacibdir.
Dırnaq yemək vərdişi bəzi hallarda daha ciddi psixoloji problemlərdən xəbər verə bilər. Övladınız dırnaqlarını onu incidəcək hala qədər, yəni qanayana, yara olanadək yeyirsə həyəcan təbili çalmağın vaxtıdır. Eyni zamanda onun davranışında və yuxu rejimində daha əvvəl müşahidə etmədiyiniz pozuntular yaranıbsa pediatrınızla məsləhətləşməyə tələsin. İstənilən halda mütəxəssisinin göstərişi olmadan heç bir addım atmayın.
ŞƏRHLƏR