Uşağı tez-tez tərifləmək faydalıdır yoxsa ziyanlı?
Bir çox valideynlər öz övladlarını tez-tez tərifləyirlər. “Nə ağıllı baladır?!”, “İstedadsan, bala, səndən yoxdu!”, “Ev tapşırıqlarını etmisən. Ağıllı balasan” və s. Bəzən özünüz də bilmədən övladınızı onun etməli olduğu şeyləri etdiyi üçün tərifləyirsiniz və ya əldə etdiyi nailiyyyətləri şişirdirsiniz. Bu cür yanaşma bir çox valideynlər tərəfindən uşağı həvəsləndirmək üçün edilir. Amma bu işdə bir qədər ehtiyatlı olmağınızda fayda var.
Psixoloqlar tərifin uşaqların gələcək fəaliyyətinə necə təsir etməsini müəyyənləşdirmək üçün tədqiqat aparmışdırlar. Tədqiqatın gedişində 10-11 yaşlı uşaqlar 2 qrupa bölünmüş və onlara həll etmək üçün sadə riyazi suallar verilmişdir. I qrupun uşaqları məsələləri həll etdikdən sonra onları tərifləmiş (“Afərin! Ağıllı uşaqlarsınız!”), digər qrupda olan uşaqların göstərdiyi səyin əhəmiyyəti vurğulanmışdır (“Afərin! Bu məsələni həll etmək üçün əməlli-başlı çalışmısınız”). Daha sonra qruplara daha çətin riyazi suallar verilmişdir. Nəticə etibarı ilə təriflənmiş uşaqlar (“ağıllı” deyilənlər) çətin suallarla üzləşdikdə daha çox həyəcanlanmış, biliklərini tətbiq etməkdə çətinlik çəkmiş və daha tez ruhdan düşmüşlər. Digər qrup isə (səyləri vurğulananlar) çətinliklərlə üzləşdikdə daha çox müqavimət və istək nümayiş etdirmiş, eyni zamanda məsələnin həlli üçün müxtəlif üsullardan istifadə etməyə daha çox çalışqanlıq nümayiş etdirmişlər. Bu tədqiqatı aparmış alimlərin (Karol Dvek və Klaudia Mueller) fikrinə görə tərif (“Sən ağıllı balasan!”) uşaqlarda özünü-qiymətləndirmə, özünü tənqid və özünə inam hissini aşağı salır bu isə sonda uşaqların təhsil nəticəsində əks olunur.
Bunu da oxu: Övladınızı rəğbətləndirin http://www.valideyn.az/az/post/54-ovladinizi-ragbatlandirin
Başqa bir maraqlı yanaşma isə Nobel mükafatçısı Josef Stiglitzin anası, müəllimə işləyən Şarlot Stiglitzə aiddir. O, uşağı hər hansı çətin bir şeyin (oyuncağı kiminləsə bölüşmək, səbrli olmaq, nəfsini idarə etmək və s.) öhdəsindən gəldikdə tərifləməyin faydalı olduğunu tövsiyə edir. Yəni, əgər uşaq boynuna düşən vəzifəni və etməli olduğu bir şeyi edirsə (ev tapşırıqlarını etmək, yaşına uyğun biliklər nümayiş etdirmək, nadinclik etməmək və s.) onu tərifləməyin elə bir faydası yoxdur. Valideynin bu məqamda edə biləcəyi ən yaxşı şey “iştirak”dır. Uşağı dinləmək, ona suallar vermək, gördüyü işlə maraqlanmaq, bu işi daha necə etmək olar kimi suallar vermək iştiraka nümunə ola bilər. Məsələn, övladınız ev şəkli çəkib sizə göstərirsə, onu tərifləməkdənsə ona bu şəkil barədə suallar vermək daha faydalıdır. “Bu şəkildə nə çəkmisən?” “Niyə bu evin damı sarı rəngdədir?” “Evi daha necə qəşəng etmək olar?” və s. Sonda isə ona bu işi gördüyü üçün təşəkkür etmək, gələcəkdə daha yaxşı işlər görmək üçün çalışmasını tövsiyə etməyi unutmayın.
Təbii ki, hər bir valideyn öz övladı ilə fəxr edir və onu uğurlu görmək istəyir. Amma, övladınızı tez-tez tərifləməkdə ehtiyatlı olun, özünü tənqid, özünü qiymətləndirmə, özünə inam hissini onda inkişaf etdirin. Onun uğurlarında daha çox iştirak edin və ona uğur qazanmaqda yardımçı olun.
Bunu da oxu: Övladınızı tərifləməyin qızıl qaydaları http://www.valideyn.az/az/post/27-ovladinizi-tariflamayin-qizil-qaydalari
ŞƏRHLƏR