Uşaqların psixoloji inkişaf mərhələləri - övladınızın şəxsiyyət kimi formalaşması
Təhsildə, karyerada və istənilən digər sahədə uğur qazanmaq üçün övladınızda bir sıra mühüm fərdi keyfiyyətləri formalaşdırmalısınız. Bu keyfiyyətlər həyat boyu formalaşır və insanların uğur əldə etməsinə əsaslı şəkildə təsir edir. Aparılan tədqiqatlar sübut edir ki, dürüstlük, özünəinam hissi, məsuliyyət, özünü dərketmə, təşəbbüskarlıq və bu kimi digər keyfiyyətlər uğura aparan ən qısa yoldur. Sadalanan bu xüsusiyyətlər aşağı yaşlardan mərhələli şəkildə uşaqlarda formalaşmalı, valideynlər isə bu prosesin ayrılmaz hissəsi olmalıdırlar.
Bəs sizin övladınızda bu keyfiyyətlər mövcuddurmu? Siz bu keyfiyyətlərin formalaşması üçün nə edirsiniz?
Psixoloqlar (Erik Erikson) şəxsi inkişafın aşağıdakı mərhələlərini fərqləndirirlər:
Doğulandan 1 yaşa qədər: Körpələr 1 yaşına qədər təhlükəsizlik hissini qavramağı öyrənməli, onlara qayğı göstərən insanlara inam hissi formalaşdırmalıdırlar. Başqa sözlə uşaqlar digər yaxın hesab etdikləri insanlara inanmalıdırlar. “İnam” bu 1 yaşa qədər formalaşmalı olan ən başlıca fərdi keyfiyyətdir. Bu xüsusiyətlə yanaşı “ümüd” və “təşəkkür etmə” xüsusiyyətləri də ilkin formada inkişaf etməlidir.
Bunu da oxu: İlk gündən sevgi, diqqət və qayğı: http://www.valideyn.az/az/post/4-ilk-gundan-sevgi-diqqat-va-qaygi
1-3 yaş arası: Bu yaşda olan uşaqlar düşündükləri ideyaları həyata keçirməyi öyrənməli, istəklərini reallığa çevirməyə başlamalı və seçim etməyi bacarmalıdırlar. Bu dövrdə formalaşmalı olan ən mühim xüsusiyyət müstəqillikdir. Müstəqil şəkildə seçim etmək, ideyaları reallığa çevirmək, qərar vermək, oyun qurmaq və bu kimi digər məsələlərdə ona köməklik edin. Müstəqillik keyfiyyətinə malik olmayan uşaqlar həyatın sonrakı mərhələlərində daha çox çətinliklə üzləşirlər. Eyni zamanda onlarda arzularına çatmaq üçün inadkarlığın da formalaşmasına nail olmaq lazımdır.
3-6 yaş: Bu yaşda ən başlıca məsələ təşəbbüskarlıqdır. Uşaqlar öz fəaliyyətləri ilə bağlı təşəbbüs göstərməli, maraq dairəsi formalaşdırmalıdırlar. Övladınız maraqlandıran məsələlərlə bağlı daha çox məlumat toplamaq, hər hansı bir fəaliyyət həyata keçirməyə təşəbbüs göstərməlidir.
Bunu da oxu: Açıq ünsiyyət üçün rollu oyunlar: http://www.valideyn.az/az/post/135-aciq-unsiyyat-ucun-rollu-oyunlar
6 yaşdan yetişkənlik dövrünə qədər: Bu yaş dövrü ərzində uşaqlar malik olduqları bacarıqları başa düşməli, özlərini düzgün qiymətləndirməli, bilmədiklərini müəyyən etməli və öyrənməyə can atmalıdırlar. Bu yaş mərhələsində inkişaf etməli olan ən önəmli keyfiyyət öyrənmə həvəsi və yaradıcılıqdır. Uşaqlar məsələlərə yaradıcı yanaşmalı və öyrənməyi sevməlidirlər.
Yetişkənlik dövründən 18 yaşadək: Bu dövrdə inkişafı önəmli olan keyfiyyət “kimlik” məsələsidir. Hər bir şəxs özünü dərk edərək, ətrafda baş verən hadisələrə münasibətini, yanaşmalarını və dəyərlər kompleksini formalaşdırmalıdır. Vətənpərvərlik, dini etiqad, vətəndaşlıq, “kişilik”, əxlaq dəyərləri və digər bir sıra mənəvi keyfiyyətlər məhz bu yaşda formalaşır.
Övladınızda bu keyfiyyətlərin formalaşması üçün onun həyatında aktiv rol oynayın və şəxsiyyət kimi yetişməsinə yardımçı olun.
ŞƏRHLƏR