Övladınız yalan danışır? Bəs siz nə etmisiniz?
Uşaqların yalan danışmaları daha çox 3 yaşın əvvəllərində başlayır. Balaca uşaqların belə erkən yaşlarda hiyləyə əl atması bəzən böyükləri təəccübləndirsə də belə davranışın səbəbi müxtəlifdir. İlkin səbəblərdən biri valideynlərin uşaqlara qoyduğu qadağalarla bağlıdır. Beləki, inkişafda olan uşaq ətrafdakı varlıqlara daha çox maraq göstərir. Bu marağın qarşısı “Olmaz!”, “Əl vurma!” kimi qadağalarla alındıqda belə uşaqlar öz istəyindən dönmürlər. Digər bir səbəb isə uşaqların fantaziyaları ilə bağlı olur. Onlar xəyallarında canlandırdıqları obrazları reallıqdakı kimi qələmə verirlər. Hər iki halda uşağı yalan danışdığına görə tənbeh etmək olmaz. Çünki 3-5 yaş arasında olan uşaqlar yalanın nə demək olduğunu hələ tam anlamırlar. Yalnız 5 yaşından sonra uşaqlar yalan və fantaziyanı ayırd etməyə başlayırlar.
Bunu da oxu: Həqiqət axtarışında: http://www.valideyn.az/az/post/65-haqiqat-axtarisinda
Bəs uşaqlara yalan danışmağı kim öyrədir?
Uşaqlar hər bir sahədə nümunəni böyüklərdən götürülər. Bunu onların oynadıqları oyunlarda, danışıq tərzində, hərəkətlərində də müşahidə etmək olar. Deməli, onlar yalanı da biz böyüklərdən öyrənirlər. Məhz bu səbəbdəndir ki, uşaqlar bizə öz növbəti yalanlarını danışanda tez-tez “Mənə inanmırsan?”,“Elə bilirsən mən uydururam?” kimi ifadə vasitələri ilə fikirlərini təsdiq etmək istəyirlər. Belə olan hallarda uşağa qarşı inamsızlıq nümayiş etdirmək, tənbeh etmək olmaz. Əksinə, yalanın arxasında hansı səbəbin olduğunu öyrənmək lazımdır.
Uşağın yalan danışmasının başqa bir səbəbi də özünümüdafiədir. Biz böyüklər uşaqların gündəlik oyunlarını, məşğuliyyətlərini bir çox hallarda qeyri-ciddi qəbul edirik. Hazırladıqları əl işlərini, həyətdən gətidikləri hər hansı bir vasitəni lazımsız bir əşya kimi atırıq. Belə olan halda onlarda kompleks yaranır. Növbəti əl işini hazırlayan uşaq artıq onu ya valideynlərindən gizlədir, ya da “Mənim xəbərim yoxdu.”, “Mən bilmirəm.”, “Mən etməmişəm” kimi müxtəlif üsullarla özünü müdafiə edir.
Bunu da oxu: Övladlarınızın hisslərinə hörmətlə yanaşın: http://www.valideyn.az/az/post/79-ovladlarinizin-hisslarina-hormatla-yanasin
Yalan danışmanın daha bir forması mövcud olmayan uğurlarla öyünmədir. Valideynlər uşaqlara bəzən elə bir uğur meyarı müəyyən edirlər ki, onlar bunun öhdəsindən gələ bilmir və ya bu meyar onları heç maraqlandırmır. Belə olan halda uşaqlar “Mən bacarmadım.” əvəzinə “Ən uğurlu çıxış məndə oldu.” deyirlər. Bu yalanın səbəbi övladın valideynlərdən xoş söz və təriflər eşitmək istəyidir.
Əgər uşaqlarınızı yalan danışmaq kimi vərdişdən uzaq tutmaq istəyirsinizsə, o zaman övladınız hələ 3 yaşında öz fantaziyalarını həqiqiət kimi sizə təqdim edəndə bunu ilk “siqnal” kimi qəbul edin. Çalışın övladınızın real həyatı daha maraqlı olsun ki, o, fantaziyalara gərəyindən çox qapılmasın. Övladınızın yalan danışdığını anladıqda səbəbi özününzdə axtarın və bunu doğuran səbəbi aradan qaldırın. Ailə üzvləri arasında səmimi və etibarlı münasibət olarsa, uşaqlar da bundan nümunə götürərlər. Unutmayın ki, uşaqlar kiçik yalanlarının kiməsə ziyan edəcəyini düşünmürlər.
ŞƏRHLƏR