Övladınız məktəbə getmək istəmir?
Dərs ilinin başlanğıcında uşaqlarda dərsə getmək istəməmə kimi problemlərlə bir çox valideynlər qarşılaşır. Bəs, övladınız dərs ilinin əvvəlində deyil, bir neçə ay sonra qəfil olaraq dərsə getməmə istəyini sizə bildirirsə və ya sözlə deməsə belə dərsə getməmək üçün bəhanələr axtarırsa, bu zaman nə etməli olduğunuzu bilirsinizmi?
Bəzən uşaqlar valideynlərinə məktəbə getmək istəmədiklərini bildirməkdən çəkinirlər və bu zaman məktəb öncəsi bir sıra psixoloji problemlər müşahidə olunur. Əgər övladınızda aşağıda qeyd olunan problemlər varsa və həkim müayinəsindən sonra xəstəliyi olmadığını aşkarlayırsınızsa problemin əsl səbəbini müəyyənləşdirməyə çalışın.
Məktəbə getmək istəməyən uşaqlarda müşahidə olunan hallar:
- Dərs saatından öncə ürək bulanması
- Qarın ağrısı
- Əhəmiyyətsiz səbəblər üzündən ağlaması
- Özünü halsız hiss etməsi
- Xəstəymiş kimi davranması
- Aqressiv hərəkətlər və s.
Bunu da oxu: Övladlarınızın hisslərinə hörmətlə yanaşın: http://www.valideyn.az/az/post/79-ovladlarinizin-hisslarina-hormatla-yanasin
Bu hallara səbəb ola biləcək hallar:
- Dərs nəticələrinin zəif olması;
- Sinif yoldaşları ilə münasibətlərinin pozulması;
- Məktəbdə konfliktli münasibətlər;
- Sinif yoldaşları ilə ünsiyyət maneəsinin yaranması;
- Ailədə konfliktlər
- Müəllimi ilə münasibətlərinin yaxşı olmaması və s.
Nə etməlisiniz?
Dinləyin. Övladınız sizinlə danışmaq istəyirsə rahat danışa bilməsi üçün şərait yaradın, sözünü kəsməyin. Məktəb mühiti, müəllimləri, dostları, sinif yoldaşları haqqqında danışdıqları səbəbi müəyyənləşdirməkdə sizə kömək edə bilər.
Övladınızı müşahidə edin. Dərsdən sonra, oyunlar oynayarkən övladınızın davranışlarını müşahidə etməniz sizə problemin səbəbini müəyyənləşdirməyə imkanı verər.
Rollu oyunlar oynayın. Övladınızla birgə rollu oyunlar oynamağınız məktəbdə baş verənlər barədə (övladınız və sinif yoldaşları, övladınız və müəllimi, övladınız və məktəb nümayəndələri və s.) məlumatlanmağınıza və səbəbi birgə müəyyənləşdirməyinizə kömək edər.
Bunu da oxu: Övladınızda stressin fəsadları: http://www.valideyn.az/az/post/77-ovladinizda-sterssin-fasadlari
Soruşun. Səbəbi müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə bu barədə onunla danışın. Fikrini ifadə edə bilməsi, səbəbi olduğu kimi sizə danışması üçün övladınızı cəsarətləndirin.
Hörmətlə yanaşın. Deyilən səbəb hər necə olmuş olsa belə ona hörmətlə yanaşın. Sizə sadə gələn bir məsələ onun üçün böyük bir problem şəklində görünə bilər.
Səbəbi aradan qaldırmaqda övladınıza yardımçı olun. Yaranmış problemin aradan qaldırılmasında övladınıza konkret həll yolu təqdim etməyiniz məqsədəuyğun deyil. Daha yaxşı olar ki, problemin həlli yolunu özünün tapmasında ona yardımçı olasınız. Çıxış yollarını övladınızın özünün düşünməsi, problemin həlli üçün nələri edə biləcəyini birlikdə müzakirə etməyiniz faydalı olar.
Çətindirsə... Əgər səbəbi aradan qaldırmaqda nə etməli olduğunuzu bilmirsinizsə mütəxəssis yardımı almağınız tövsiyyə olunur.
ŞƏRHLƏR