Ailədaxili münasibətlərin uşaqların inkişafına olan təsiri haqqında
Övladınızın dediyi ilk kəlmələr, atdığı ilk addımlar , oynadığı ilk oyunlar... Hər öyrətdiyiniz yeni bir sözün, yeni addımın sizin sevincinizə səbəb olduğunu xatırlayın. Demək ki, övladınız ilklərə sizin dəstəyiniz sayəsində nail olmuşdur. Evdə olan mühitin övladınızın əhval-ruhiyyəsinə və inkişafına necə təsir etməsini düşünmüsünüzmü?
Lap körpəlik dövründən sağlam qidalanma, düzgün yuxunun təşkili, yeni bilik və bacarıqlar əldə etməsinə kömək etmə, sağlam psixoloji mühitdə böyüməsi üçün şərait yaratmanız və s. övladınızın sağlam gələcəyinin təməlidir. Sağlam psixoloji mühitin təşkili valideynlərin öhdəliyindədir.
Aşağıdakılara fikir verməyiniz çox önəmlidir:
- Ailədaxili münasibətlərinizin xoş olmasına diqqət etməniz önəmlidir. Valideynlər arasında münasibətlərin düzgün qurulması vacib amildir. Bir-birinizə qarşı kobud, xoşagəlməz rəftar, səs tonunuzun yüksəlməsi övladınızda psixoloji gərginliyə səbəb olar. Problemlərinizi övladınızın qarşısında həll etməməli olduğunuzu bilməlisiniz.
- Yorğunluğunuz narahatlığınıza və ya əhvalınız pis olmasına təsir edirsə bu hissiniz övladınızdan da yan keçməz. Əgər siz özünüzü narahat, gərgin, əsəbi hiss edirsinizsə övladınız bu hisssinizin təsiri altına düşər. Özünüzə vaxt ayırmanız , normal yuxu almanız, qidalnmanıza diqqət etməniz və s. həm sizin, həm də övladınız üçün önəmlidir.
- Övladınızda görmək istəmədiyiniz davranışları siz də etməməyə çalışın. Övladınızın sizin davranışlarınızı təkrar etməyi sevdiyini unutmayın.
- Yalandan uzaq bir həyat. Siz hansısa bir məqamda yalan danışmalı olursunuzsa, sizi izləyən övladınız bunun adi bir hal olduğunu düşünərək özü də bu halı təkrarlayacaq. Şəxsi nümunəniz çox önəmlidir.
- Əmrlərlə müraciət etməyin. Övladınıza əmrlərlə müraciətiniz və münasibətiniz onlarda aqressiyaya səbəb olar.
- Övladlarınızı öz istəklərinizə görə böyütməyin. Uşaqlığınızda edə bilmədiklərinizi indi övladınız üzərinə köçürməniz yalnış davranışdır. İcazə verin ki, övladınız öz bacarıqlarını sevdiyi idman növü yə ya digər məşğuliyyətlərdə nümayiş etdirə bilsin.
ŞƏRHLƏR