Uşaqlarda aqressiv davranışın əsas səbəbləri
Son zamanlarda övladınızda müşahidə etdiyiniz aqressiv davranışlara səbəb nə ola bilər? Valideyn olaraq övladınızın davranış və rəftarı daima sizin diqqətinizdə olmalıdır. Bu zaman övladınızda yeni və mənfi davranışları tez aşkarlaya, səbəbi müəyyən edə və aradan qaldırmaqda övladınıza yardımçı ola bilərsiniz. Eyni zamanda övladınıza nəzarətiniz onun bu kimi davranışlardan uzaq olmasına yardımçı olar.
Övladınızda aqressiv davranışlar yarada biləcək əsas səbəblər:
- Övladınız televiziya qarşısında əyləşərkən izlədiyi film, cizgi filmi və proqramlara diqqət edin. Aqressiv səhnələr, dava – dalaş, kobud münasibətlər və s. kimi səhnələri ilə uşaqların diqqətini çəkən proqramlara baxmasına icazə verməyin.
- Övladınızın gündəlik rejiminə, yuxu zamanının düzgün tənzimlənməsinə diqqət edin. Hədsiz yüklənmə, gündəlik rejimin düzgün qurulmaması, yuxunun normal tənzimlənməməsi uşaqlarda aqressiyaya səbəb ola bilər.
- Dostlarının kimlərdən ibarət olduğunu bilməniz önəmlidir. Ətraf mühitin təsirinin uşaqların davranış və rəftarına mühüm təsir edən faktor olduğunu unutmayın. Bunun üçün dostları ilə bağlı suallar verməniz, birlikdə nələr etdikləri barədə məlumat almanız, eyni zamanda dostlarını evinizə dəvət etməniz sizə yardımçı olar.
- Övladınıza kifayət qədər sevgi verirsinizmi? Övladınıza verdiyiniz sevgi ona kifayət etmirsə aqressiv davranışları ilə sizin diqqətinizi çəkmək istəyər.
- Valideynlərarası münasibətlər. Valideynlər arasında münaqişələr uşaqlarda travma yaradar. Bu kimi hallar onların aqressiv davranışlarına səbəb olar. Övladınızın sizin aynanız olduğunu bilirsiniz. Sizin kobudluğunuzu onun təkrarlaması heç də qeyri-adi davranış olmaz. Buna görə də övladınızda hər hansı mənfi davranışı aradan qaldırmağa çalışmazdan öncə öz davranışlarınızı nəzərdən keçirməniz məqsədəuyğundur. Ailədaxili münasibətlərin xoş olması, övladınız üçün yaratdığınız sağlam ailə mühiti onlar üçün rahatlıq mənbəyidir.
- Uşaqlara tətbiq edilən fiziki cəza onlarda aqressivliyə səbəb olar. Fiziki cəzanın tərbiyə metodu olmadığını siz də bilirsiniz. Bu kimi davranışlar yolverilməzdir.
- Oyuncaq alarkən diqqət edin. Övladınızı aqressiya yarada biləcək oyuncaqlardan uzaq tutun.
- Övladlarınız arasında ayrı-seçkilik yaratmayın. Hər bir övladınıza qarşı sevgi və qayğınızda eyni münasibətin olması vacib amildir. Bacı və ya qardaşına daha çox diqqət etməniz onlarda qısqanclıq hissi yaradar ki, bu da özünəqapanma və ya aqressiv davranışlarla müşahidə oluna bilər.
Övladınızın aqressiv davranışını o sakitləşdikdən sonra müzakirə edin. Həmin anda müzakirəniz istədiyiniz nəticəni verməz. Övladınızın aqressiv davranışı zamanı ona digər bir iş təklif edərək diqqətini başqa işə yönəldə bilərsiniz. Bu həmin an üçün müdaxilə edə bilmənizə kömək edər. Aqressiv davranışının qarşısını almaq məqsədilə səs tonunuzu qaldırmanız, fiziki cəza verməniz, lağ etməniz, digər insanların yanında onu pərt etməniz, digər uşaqlarla müqayisə etməniz yolverilməzdir. Uşağın həm ana, həm də ata qayğısına ehtiyacı vardır. Digər ehtiyaclarını ödəyərkən mənəvi ehtiyacını nəzərdən qaçırmamanız tövsiyə olunur.
ŞƏRHLƏR