Uşaqlar həqiqətənmi savadsızdırlar?

Uşaqlar həqiqətənmi savadsızdırlar?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Ötən günün əsas xəbərlərindən biri oxuyub-yazmağı bacarmayan şagirdlərlə bağlı oldu. Keçirilmiş buraxılış imtahanlarının nəticələrinə görə 24 nəfər XI sinif şagirdi, 76 nəfər isə IX sinif şagirdinin oxuyub-yaza bilməməsi aşkarlanmışdır. Təbii ki, bu “qara xəbər” bütün internet xəbər portallarında və sosial şəbəkələrdə çox sürətlə yayıldı, çünki pis xəbərlər tez yayılır. Bəs siz bu xəbəri necə qarşıladınız? Həqiqətənmi vəziyyət bu qədər faciəvidir?

 

Azərbaycanda “savadsızlığın tarixi”nə qısa nəzər salaq. XX əsrin 30-cu illərində əhalinin yalnız 30%-ə qədəri oxuyub-yazmağı bacarırdı. Savadsızlığın ləğvinə həsr edilmiş intensiv tədbirlər nəticəsində əhalinin savadlılıq səviyyəsi 1959-cu ildə 97%-ə çatmışdır. 30 il ərzində savadsızlığın kütləvi olaraq azaldılması bir millət üçün olduqca əhəmiyyətli faktdır.  Statistika komitəsinin rəqəmlərinə əsasən 1989-cu ildə əhalinin 97.3%-i, 1999-cu ildə 98.8%-i, 2009-cu ildə 99.8%-i oxuyub-yazma bacarığına malik olmuşdur. Başqa sözlə Azərbaycanda az da olsa həmişə oxuyub-yaza bilməyən insanlar olub. Daha dəqiq desək hazırda 10 milyon əhalisi olan Azərbaycanda təxminən 20,000-ə qədər insan müxtəlif səbəblərdən savadlı deyil. Bu kontekstdə IX sinfi bitirən 100,000-dən artıq məzunun 74 nəfərinin oxuyub-yaza bilməməsinin faciə kimi qəbul edilməsinin nə qədər düz olması barədə Siz qərar verin.

 

Dünyanın hər bir ölkəsində - hətta inkişaf etmişlərində belə - savadsız, oxuyub yaza bilməyən insanlar var. Çox uzaq deyil, qonşu ölkələrə nəzər saldıqda məlum olur ki, Rusiyada əhalinin 0,6%-i, Türkiyədə təxminən 5%-i, İranda isə 15%-ə qədəri oxuyub-yazmağı bacarmır (mənbə Dünya Bankı).

 

Doğrudur, ölkədə təhsil sahəsində bir çox ciddi problemlər mövcuddur. Hər bir məsuliyyətli valideynin mənəvi borcu problemləri doğru dərk etmək, və övladına dəstək olmaq, ona maneə ola biləcək amilləri minimuma endirməkdir. Lakin siz valideyn olaraq pessimist (bədbin) yox, optimist (nikbin) olmalısınız. Bəzən hansısa emosiyalara qapılıb, “hər şey pisdir” deyə düşünüb özünüzün və övladınızın motivasiyasını aşağı salmayın. Təhsildə uğur üçün ən önəmli faktor öyrənmə həvəsidir – övladınıza ümid verin və onun oxuma həvəsini artırın .

30.03.2016

ŞƏRHLƏR