11 oktyabr Beynəlxalq qız uşaqları günüdür
Bu günün dünyaya gələn qız uşaqları sabahın gənc qızları, analarıdır. Təəssüflər olsun ki, bəzi ölkələrdə qız uşağının dünyaya gəlməsi bir o qədər xoş qarşılanmır. Statistik məlumatlarda qız uşaqlarının sayının azaldığı qeyd edilir.
Xüsusilə, bəzi Şərq ölkələrində - Hindistanda, Çində, ərəb ölkələrində ailələr qız uşağını dünyaya gətirmədən, bətndəcə məhv edirlər. Son illər bu proses Azərbaycanda da müşahidə edilir.
Statistika.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə doğulan 166,2 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil edib. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub.
2016-ci ilin yanvar-iyul ayları ərzində ölkədə 91,5 min, yaxud hər gün orta hesabla 430 doğulan körpə qeydə alınııb. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.
Abort problemi.
Hamiləlik dövründə ailənin dölün cinsiyyətinin öyrənməsi son halda qız uşaqların abort edilməsi ilə nəticələnir. Ultrasəs (USM) müayinəsindən sonra qız olduğunu biləndə valideynlərin çoxu hamiləliyi dayandırmaq qərarına gəlir. Azərbaycanda uşaqların cinsiyyətinin əvvəlcədən öyrənilməsinə qadağa qoyulmasına baxmayaraq, valideynlər xəstəxanalarda USM cihazları vasitəsilə bunu öyrənirlər. Nəticədə uşağın qız olduğunu bilən ana aborta gedir.
Erkən nikahlar.
Eyni zamanda qız uşaqlarının erkən yaşlarda ailə qurması və uşaq dünyaya gətirməsi halları ölkəmizdə yetərincə hiss olunur. Belə ki, 2015-ci ildə 68 min 773 nikah bağlanıb ki, bunun da 391-i erkən nikahdır. 2014-cü ildə isə 84 912 nikah bağlanıb və onun 479-u erkən nikahdır:
Eyni zamanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayında nisbətən azalma müşahidə edilir. 2014-cü ildə yeniyetmə yaşlı qızlar tərəfindən 3296 uşaq dünyaya gətirilibsə, 2015-ci ildə bu rəqəm 2895 olub. Lakin bu yaşda olan qadınlar tərəfindən aborta gedilməsi halları da az deyil. Belə ki, ötən il 15-17 yaş arasında olan 50 yeniyetmə aborta gedib.
ŞƏRHLƏR