Kitablarla tanışlığa ilk addımlar
Övladınıza həyatının ilk günlərindən kitab oxumaqla onun zehni və emosional inkişafına inanılmaz təkan verə bilərsiniz. İlk növbədə davamlı olaraq kitablarla təmas yaratmaqla siz onları övladınızın həyatının iştirakçısına çevirirsiniz. Belə bir mühit onlar üçün gələcəkdə oxumağa və öyrənməyə stimul yaradacaq.
Yeni doğulanlara kitab oxumaqla siz övladınızla ilkin ünsiyyət bağları yaradırsınız. Bununla bərabər sizin səsinizin ahəngi körpəniz üçün yeni düşdüyü mühitə alışmağa kömək edəcək.
İlk il üçün körpənizin diqqətini cəlb edəcək və nəzərini üzərində daha asan cəmləşdirə biləcəyi əlvan rəngli kitabları seçin. Plastik yaxud parçadan olan kitablara üstünlük verin ki, onları daha davamlı müddətdə istifadə edə biləsiniz (kitabların asanlıqla çeynənə biləcəyi, üzərinə su, yemək, ağız suyunun axıdılacağını nəzərə alaraq). Bu materiaların fərqli teksturaları övladınıza eyni zamanda toxunmaq, duymaq və görmək imkanı verir.
İlkin məzmun qısa, təkrar, və ritmik misralardan ibarət olmalıdır. Bu təkrarlar və ritmlər övladınızın dilinizin səsləri haqqında təsəvvürünün bünövrəsini qoyacaq. Yazısız şəkilli kitabları isə öz təxəyyülünüzə uyğun təsvir etməklə hər dəfə yeni nağıllar yarada bilərsiniz. Oxuyarkən körpənizi qucağınızda saxlamaq, analara isə hətta yedirtmək məsləhət görülür. Belə ki, sizin qayğınız və qoxunuzla assosiasiya olunan proses, övladınızda kitablarla bağlı xoş hisslər yaradacaq.
Kitab oxumağı gündəlik fəaliyyətinizə çevirin. Hər günün müəyyən hissəsi, məsələn yuxudan öncə, evinizdə ayırdığınız xüsusi bir yerdə körpənizlə birlikdə oxuyun. Əgər balaca dəcəl kitaba maraq göstərmirsə ruhdan düşməyin. Ardıcıl cəhdləriniz tezliklə öz bəhrəsini verəcək və hər ikiniz bu prosedən zövq alacaqsınız.
ŞƏRHLƏR